“AzerBlast” MMC

Haqqımızda

“AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin törəmə cəmiyyətidir. Cəmiyyət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.Ümumi paylarının 51 faizi “AzerGold” QSC-yə və 49 faizi isə “DM Servis” MMC-yə məxsus olmaqla Cəmiyyətin iki təsisçisi mövcuddur.

Cəmiyyətin yaradılmasında əsas məqsəd mədənlərin hasilatı prossesində və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, bu sahədə idxaldan asılılığın aradan qaldırılmasıdır. Həmçinin Cəmiyyət istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasını təşkil etməklə ölkəmizin ixrac potensialının artırılmasına töhfə verməyi qarşıya hədəf qoymuşdur.

 

Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu

28 dekabr 2023-cü il tarixində “AzerBlast” MMC tərəfindən ölkəmizdə ilk dəfə Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodu sınaq rejimində istifadəyə verilib. Müəssisənin inşası 2023-cü ilin yanvar-dekabr aylarında həyata keçirilib.

Ümumi sahəsi 5665 m2 olan zavodun istehsal xətti Türkiyənin “HTD Kimya və Mühendislik A.Ş” şirkətinin texnoloji dizaynı, Almaniya, Böyük Britaniya və Türkiyə istehsalı olan avadanlıqlardan istifadə edilməklə təşkil olunub.

Fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14000 ton ANFO və H-ANFO  partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub, növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə - 31500 tona çatdırılması planlaşdırılır.