News

“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 7 illiyi və 2023-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib

05/07/2023 12:48


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) şirkətin fəaliyyətə başlamasının 7 illiyi, eləcə də 2023-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Tədbirdən əvvəl “AzerGold” QSC-nin rəhbərliyi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub. Daha sonra Şəhidlər Xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb. Həmçinin Bakı və Gəncə şəhərlərində QSC-nin Vətən müharibəsində şəhid olmuş əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun məzarları ziyarət edilib.

“AzerGold” QSC və törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin kollektivinin iştirak etdiyi, o cümlədən Bakı və Daşkəsəndə yerləşən inzibati ofis və istehsalat sahələrinin əməkdaşlarının videobağlantı formatında qatıldığı müşavirə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cənab Prezident İlham Əliyevin 2015-ci il 11 fevral tarixində imzaladığı Sərəncama uyğun olaraq, 2016-ci ilin 5 iyul tarixində fəaliyyətə başlayan şirkətin 7 il ərzində əldə etdiyi əsas nailiyyətlər barədə danışıb. Bildirilib ki, “AzerGold” ötən dövrdə 4 mədən layihəsi – “Çovdar”, “Ağyoxuş-1”, “Mərəh” və nəhayət 2023-cü ilin fevral ayında “Tülallar” qızıl yatağının istismarına başlamağa, eləcə də 1 dəmir filizi yatağı – “Cənub-Şərq” mədəninin işlənməsini həyata keçirməyə nail olunub. Yalnız 1 mədənin – “Çovdar” qızıl yatağının istismarı ilə yola çıxan şirkət hazırda həmin mədənin bazasında yaradılmış 1 regional emal sahəsi, 2 törəmə cəmiyyət – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC ilə yoluna davam edir.

“AzerGold” QSC-nin müstəqillik dövründə dövlət şirkəti qismində ilk qızıl və gümüş hasilatçısı, eləcə də ixracatçısı kimi uğurlu fəaliyyətinin təmin olunmasına nail olduğunu deyən Z.İbrahimov qeyd edib ki, səhmlərinin 100 faizi dövlətə məxsus olan şirkətin əsas məqsədi təkcə mədənlərin istismarı ilə iqtisadi gəlir əldə etmək deyil, eyni zamanda bu sahənin dayanıqlı inkişafı, dağ-mədən sahəsinin qeyri-neft-qaz sektorunda payının artırılmasıdır. Vurğulanıb ki, şirkətin fəaliyyətə başlamasının 7-ci ildönümü ərəfəsində ümumi satış gəlirləri 1 milyard 28 milyon manatı üstələyib. Satış gəlirlərlərinin 990 milyon manatını ixracdan əldə edilmiş gəlirlər təşkil edir. Belə ki, şirkətin uğurlu fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracını həyata keçirilib. İxracla yanaşı, ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiyadan çox gümüş metalını daxili bazara yönəldilib. Bundan başqa, bu müddət ərzində dövlətə vergi formasında 119 milyon manata yaxın vəsait ödənilib. Dövlət Sosial Müdafiə  Fonduna (DSMF) ödənişlər isə 17 milyon manata yaxın olub ki, bu, ümumilikdə 136 milyon manat vəsait deməkdir.

Daha sonra İdarə Heyətinin sədri 2023-cü ilin birinci yarısının yekunları ilə bağlı danışıb. Qeyd olunub ki, bu ilin ilk 6 ayı ərzində Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə aparılan hasilat işləri nəticəsində ümumilikdə 18 min unsiya qızıl, 53 min unsiya gümüşün istehsalı həyata keçirilib. Qızıl hasilatı plandan 3 faiz, gümüş hasilatı isə 53 faiz artıq yerinə yetirilib. Hesabat dövründə 18 min unsiya qızıl, 42 min unsiya gümüşün dünya birjasında satışı təmin edilib. Qızıl və gümüş ixracı isə müvafiq ardıcıllığa uyğun olaraq plandan 31 faiz və 74 faiz artıq icra edilib. Birinci yarımil ərzində qiymətli metalların daxili və xarici bazarlarda satış əməliyyatları nəticəsində 73 milyon manat gəlir əldə edilib. Bu vəsaitin 61 milyon manatını ixrac gəlirləri təşkil edib.

Birinci yarımildə dövlət büdcəsinə vergi formasında ödənilən vəsait isə 15 milyon manata yaxın olub. Hesabat dövründə təqribən 2 milyon manat DSMF-yə vəsait köçürülüb.

QSC-nin fəaliyyətinin əsas prinsiplərini təbii resurslardan səmərəli istifadə, dayanıqlı inkişaf konsepsiyasının tətbiqi və sosial məsuliyyətlilik təşkil etdiyini qeyd edən Z.İbrahimov diqqətə çatdırıb ki, qəbul edilən Sosial Təsir və Məsuliyyət üzrə Siyasət çərçivəsində yerli icmaların sosial-iqtisadi inkişafının dəstəklənməsi, ətraf mühitin mühafizəsi istiqamətində fəal iş aparılır, icra edilən layihələr regionun spesifik xüsusiyyətləri, yerli icmaların ehtiyac meyarları, sosial-iqtisadi tələbatları nəzərə alınaraq hazırlanır və realizə edilir. Bu xüsusda mədənlərə yaxın ərazilərdə yaşayan vətəndaşlarla mütəmadi görüşlərin keçirildiyi, onların müraciətlərinə həssas münasibət göstərildiyi və qanunvericilik çərçivəsində həlli ilə bağlı müvafiq addımların atıldığı bildirilib.

Tədbirdə, həmçinin geoloji kəşfiyyat, yeni mədən və infrastruktur layihələrin icrası, məşğulluq, kadr siyasəti ilə bağlı məsələlərdən danışılıb, əməkdaşların işə cəlb edilməsi prosesinin QSC-nin hasilat və istehsalat fəaliyyətinin təşkil edildiyi bölgələrdə yaşayan vətəndaşların, xüsusilə müharibə iştirakçıları, şəhid ailəsi üzvlərinin müvafiq bilik və bacarıqlarının qiymətləndirilməsi əsasında davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda İdarə Heyətisinin sədri cari ilin ikinci yarısı üçün “AzerGold” QSC və onun törəmə şirkətlərinin qarşısında duran vəzifələr barədə müvafiq tapşırıqlarını verib, hər il olduğu kimi, 2023-cü ilin sonunda da Səhmdar Cəmiyyətin fəaliyyətində artım tempinin qorunması, qeyri-neft-qaz sektorunu təmsil edən şirkət olaraq ölkəmizin iqtisadi inkişafına yeni töhfələrin verilməsinin önəmi vurğulanıb.

“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 7 illiyi və 2023-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib